SON XƏBƏRLƏR

Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Biləsuvar, Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində quruma istinadən verir.

Qəbuldan əvvəl Heydər Əliyevin abidəsi və “Qəhrəmanlar Parkı” ziyarət olunub.

Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 23 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər, əsasən, həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.