SON XƏBƏRLƏR

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyatük kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.

İcra başçısı ilk növbədə bu və ətraf kəndlərdə görülən quruculuq-abadlıq işləri haqda danışıb. Daha sonra sakinlər çıxış edərək Siyatük-Şovaş kəndlərarası avtomobil yolunun təmir edilməsinə, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və xətt təsərrüfatının yenilənməsinə, kəndə internet xəttinin çəkilməsinə, ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə, özünəməşğulluq çərçivəsində oğluna xırdabuynuzlu mal-qara verilməsinə köməklik göstərilməsini ondan xahiş ediblər.

İcra başçısı müəyyən məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirib.