Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran və Astara rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində Apa.az-a istinadən verir.
Araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Əlizadə Əliyev və Astara rayon sakini Ramiz Rəhmanov olduqları müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb: “Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Masallı rayon sakini Elvin Əkbərov və digərləri saxlanılıblar”.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
