SON XƏBƏRLƏR

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. Onun anası Tükəzban İsmayılova xanəndə, atası isə Lənkəran şəhərinin prokuroru olub. İlhamə xanım 5 yaşında olarkən, onun valideyinləri ayrılıb və anası ikinci dəfə tarçı Həbib Bayramovla ailə qurub.

İlhamə Quliyeva 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti idi.

Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və digər xarici ölkələrdə qastrolda olmuşdur.

“De, görüm, neyləmişəm”, “Yaşın nə fərqi var ki”, “Unuda Bilməzsən” və “Kaman” – İlhamə xanımın ifa etdiyi ən məşhur mahnılardır.

1982-ci ildə “Azərbaycan SSR əməkdar artisti”, 24 may 1998-ci ildə isə  “Azərbaycan Respublikasının xalq artisti” adını almışdır. 2000-ci ildə “Rezonan”” qəzetinin tədbirində, təşkilatçılar İlhamə Quliyevanı səhnəmizin “Primadonna”-sı seçmişdirlər. 2002-ci ildə “Şöhrət” və 2013-cü ildə “Şərəf” ordenlərinə layiq görülmüşdür. 2008-ci ildə “Dağıstan Respublikasının xalq artisti” adını almışdır.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə xəstəlikdən vəfat etmişdir və Bakıda, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Onun bir oğlu var.