SON XƏBƏRLƏR

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Ramin İlyas oğlu Mirzəyev Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində Sfera.az-a istinadən verir.

Belə ki, Ramin Mirzəyev ötən il narkotik vasitələrin daşınmasına görə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb. O, sərbəst buraxılsa da, barəsində başladılan cinayət işi qüvvədə qalıb. Daha sonra Mirzəyev DİN rəhbərliyinə bir neçə dəfə şikayət ünvanlayıb. Bildirib ki, onun saxlanılması və barəsində başladılan cinayət işi sifarişli xarakter daşıyır.

Nazirliyin Daxili Təhqiqat İdarəsinin başladığı araşdırma nəticəsində məlum olub ki, DİN-in vəzifəli şəxsləri tərəfindən Raminin evindən axtarış zamanı bir neçə növ narkotik vasitə aşkarlandığı bildirilsə də, əslində həmin gün onun evində axtarış  keçirilməyib.

Nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyevə, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və polis əməkdaşı Kamil Məmmədov isə polis orqanlarındakı xidmətdən xaric ediliblər.