SON XƏBƏRLƏR

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

Belə ki, son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 16 nəfərdə ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhər sakini olan bir nəfər azyaşlı saxlanılıb və onun üzərində marixuana aşkarlanıb. Onun narkotik vasitəni rayonun Nərimanabad qəsəbəsi sakini olan Möhübbət Quluzadədən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan M.Quluzadənin üzərindən marixuana aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxsin narkotik vasitəni Nərimanabad qəsəbə sakini Habil Baxşiyevdən əldə etdiyi müəyyən edilib. H.Baxşiyevin üzərindən və dəniz kənarındakı yarımçıq tikilidə gizlətdiyi yerdən 8 kiloqram 910 qram heroin və 2 kiloqram 100 qram marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Narkotacirlərə qarşı əməliyyat
DİN