Masallıda ulu öndər Heydər Əliyevin xatirəsinə tamaşa-kompozisiya nümayiş olunub. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
“Möhtəşəm qala” adlı tamaşa Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində YAP Masallı rayon təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının dəstəyi ilə hazırlanıb.
Əvvəlcə Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.