SON XƏBƏRLƏR

Masallıda “Zərərli vərdişlərdən imtina” adlı seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə istinadən verir.

Seminarın keçirilməsində məqsəd sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılmasıdır.

Tədbiri salamlama nitqi ilə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açmışlar.

Seminarda gənclərin sağlam həyat tərzinə narkotiklərin mənfi təsiri və mənəvi zərbələr mövzusu ətrafında çıxışlar olub.

Mütəxəssislərin çıxışlarında qeyd olunub ki, son vaxtlar gənclərin zərərli vərdişlərə qarşı meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

Daha sonra Masallı rayon Mədəniyyət Mərkəzində mövzuya dair “Bölgə” eksperimental teatr truppası tərəfindən səhnələşdirilmiş “Həyat tablosu” adlı pantomim tamaşa maraqla izlənilib.

Eyni zamanda gənclər arasında sənətkarlığa marağın təbliğ edilməsi məqsədilə Masallı sənətkarlarının əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.