SON XƏBƏRLƏR

Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Təlimlər zamanı şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları, onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar, həmçinin zorakılıqdan müdafiə, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub.

Bununla yanaşı, şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.

Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, eyni zamanda uşaqları maraqlandıran suallar cavablandırılıb.