SON XƏBƏRLƏR

Masallı Olimpiya İdman Kompleksində gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kros və gimnastika növləri üzrə respublika yarışlarının rayon üzrə mərhələsi keçirilib. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bu gün, 1 noyabr tarixində Cenublu.az-a verilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.

Daha sonra yarışlara start verilib və gənclər yarışların proqramında müəyyən olunan marşrut üzrə 3000 metr məsafəyə kros qaçışı və gimnastik hərəkətlər üzrə yarışıblar.

Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbir Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.