SON XƏBƏRLƏR

Masallı rayon 1 saylı məktəbdə 9-cu sinif şagirdinin intihara cəhdi haqda və buna səbəbin qızın sinif yoldaşlarından biri ilə mübahisə etməsi olduğu haqda xəbər vermişdik.

Lakin şahidlərin sözlərinə görə, xoşagəlməz hadisə əslində başqa səbəbdən olub.

Bu barədə danışan mənbə bildirir ki, məktəbli qızın intihara cəhd etməsinə səbəb sinif yoldaşı ilə aralarındakı münasibətdən valideynlərinin xəbər tutacağı qorxusu olub.

Mənbənin sözlərinə görə, cütlüyə dəfələrlə məktəbin mühafizəçisi tərəfindən görüşməmələri üçün xəbərdarlıq olunub və tənbeh edilib. Bundan nəticə çıxarmayan 9-cu sinif şagirdləri hadisə günü direktorun otağına çağırılıb və onlardan valideynlərinin əlaqə nömrələri istənilib. Hər iki şagird valideynlərinin çağırılmasına etiraz edərək, əlaqə nömrələrini direktora verməyiblər. Amma məktəb rəhbərliyi israrla valideynləri məktəbə çağıracağını bildirib. Bundan ehtiyatlanan və qorxuya düşən məktəbli qız özünü pəncərədən atıb.

Qeyd edək ki, məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi baş verən olayın səbəbini açıqlamayıb. Qurumdan bildirilib ki, məktəbdə baş verən hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Məlumat üçün bildirək ki, sözügedən olaydan sonra təcili xəstəxanaya çatdırılan 15 yaşlı qıza zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir.

Xatırladaq ki, məktəbin direktor əvəzi Vəli Ağayevdir.

Mənbə: Bizim.media