SON XƏBƏRLƏR

Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 3 noyabr tarixində verilib.

Masallı rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə  çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.

Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və başqaları erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.