Masallıda “Meşələri yanğından qoruyaq” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində verir.
Tədbirdə təbiət əraziləri, meşəlik yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin aparılmasının səmərəliliyi, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra tədbir iştirakçıları Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisi olan Göytəpə meşəbəyliyinin 20 saylı meşə dolayında ağac əkiblər.
Qeyd edək ki, tədbir meşəlik ərazilərdə əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq məqsədilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meşələrin İnkişafı Xidmətinin, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Masallı və Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə baş tutub.