Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov könüllülərə sertifikatlar təqdim edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Belə ki, rayon İcra Hakimiyyəti başçısı aparatının müxtəlif şöbə və sektorlarında çalışan könüllülər təcrübi biliklərə yiyələniblər və müxtəlif tədbirlərin təşkilində yaxından iştirak ediblər. 2019-cu ildən hal-hazıradək rayon İcra Hakimiyyətində ümumilikdə 70 nəfər könüllü fəaliyyəti ilə məşğul olub ki, onlardan 51-i gənc oğlan, 19-u isə gənc qızdır. Könüllü fəaliyyətini səmərəli başa vurmuş 62 nəfərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən 12 mart 2019-cu il tarixli 72 saylı Sərəncam imzalanıb və könüllülük fəaliyyəti ilə bağlı Tədbirlər Planı hazırlanıb.