SON XƏBƏRLƏR

Masallı rayon Polis Şöbəsində iki əməkdaşın arasında silahlı insidentin baş verməsinə dair iddialar yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Qafqazinfo-ya istinadən verir.

Belə ki, jurnalist Əfqan Sadıqovun sözlərinə görə, RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov “Makarov” markalı tapançasından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev silahlı insidentin baş verməsi iddialarını doğrulamayıb.

“Oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.