SON XƏBƏRLƏR

Masallı rayonunun Göyəçöl kəndində “Göyəçöl ziyalıları” kitabının təqdimatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində ARB Cenub-a istinadən verir.

Kitabda bir zamanlar kənddə yaşayıb dünyasını dəyişən, eləcə də hazırda həyatda olan ziyalıların keçdiyi uğurlu ömür yolu və yaradıcılığı barədə bədii-publisistik yazılar, müsahibələr dərc olunub. Bundan başqa, kitabda Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan  həmvətənlərimiz barədə də məlumatlar yer alıb.

Şəhid Nicat Həsənov adına Göyəçöl kənd tam orta məktəbində baş tutan  “Göyəçöl ziyalıları” kitabının təqdimat mərasimində kitabın müəllifi – şair, publisist, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Heydərova tədbiri giriş sözü ilə açıb bildirdi ki, kitab 520 səhifədən ibarətdir və 500 nüsxə ilə dərc olunub. Kitabda kəndin tarixi, mədəniyyəti, tanınmış ziyalıları ilə bağlı məqamlar yer alıb.

“Göyəçöl ziyalıları” kitabı bu kəndin sakini, uzun müddət rayonda yüksək vəzifələrdə çalışmış Nizam Məmmədovun təşəbbüsü ilə ərsəyə gəlib. Tədbirdə “Göyəçöl ziyalıları” kitabının həmmüəllifləri Ağasəf Bayramov, Təzəxan Əmənov və digər çıxış edənlər bildirdilər ki, kəndin, rayonun və ümumilikdə Respublikamızın rifahı naminə çalışan kənd ziyalılarının və Vətənimizin azadlığı uğrunda canını qurban verən şəhid soydaşlarımızın keçdiyi şərəfli həyat yolu barədə bədii-publisistik yazıların dərc olunduğu kitab böyüməkdə olan gənc nəsil üçün bir örnəkdir.

Qeyd edək ki, “Göyəçöl ziyalıları” kitabı müəllif Arzu Heydərovanın sayca 4-cü kitabıdır.