SON XƏBƏRLƏR

Masallıda ulu öndərin 100 illiyinə həsr olunmuş voleybol turniri keçirilib. Bu haqda bu gün, 29 aprel tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yunan-Roma və sərbəst güləş, minifutbol, şahmat, stolüstü tennis idman növləri üzrə keçirilən yarışlara voleybol turniri ilə yekun vurulub.

Bir neçə gün davam edən turnirin final oyunları Masallı Olimpiya İdman Kompleksində təşkil olunub. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, ulu öndərin və vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, turnirin keçirilməsində məqsəd ulu öndər irsinin məktəbli idmançılar arasında təbliği, respublika miqyaslı yarışlara hazırlıqla əlaqədar məktəblilərdən ibarət rayon yığma komandası heyətinin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında voleybol idman növünün kütləviliyinin artırılmasıdır.

Gərgin mübarizə şəraitində keçən yarışların sonunda S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin komandası birinci, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası ikinci, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı və C.Kazımov adına Qodman kənd tam orta məktəblərinin komandaları isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunub.