SON XƏBƏRLƏR

Masallıda “Erkən nikahlara yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

Tələbələr, onların valideynləri və müəllimlərin iştirak etdiyi tədbirdə müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallarından danışılıb. Masallı Qadın Resurs Mərkəzinin fəaliyyətindən bəhs edən mərkəzin koordinatoru çıxışında gənclərə sahibkarlıq fəaliyyətinə cəlb olunan erkən nikah qurbanı olmuş xanımlardan danışıb.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənclər üçün yaratdığı imkanlar, erkən nikah halları ilə rastlaşdıqda müraciət edə biləcəkləri qurum və platformalar haqqında ətraflı məlumat verilib.

Erkən nikahın insanlarda yaratdığı psixoloji pozuntulardan, stereotiplərdən danışan psixoloq gənclərin suallarını cavablandırıb.

Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Masallı Qadın Resurs Mərkəzi və Masallı Dövlət Regional Kollecinin (MDRK) birgə təşkilatçılığı ilə baş tutub.