Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı ilə “Erkən nikaha yox deyək” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.
İlk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Dövlət Regional Kollecinin direktor müavini D.Hüseynova çıxış edərək doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olan erkən nikah mövzusu ilə mütəmadi olaraq mübarizə aparılması, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin daha çox təşkil olunması zərurətindən danışıb.
Daha sonra çıxış edən Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, erkən nikahlar gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Çıxış edən Bioloji Təbabət klinikasının klinik-psixoloqu Nigar Pənalıyeva müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlar, bütövlükdə cəmiyyətə vurduğu zərərlər barədə geniş məlumat verib.
Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi şöbəsinin müdiri Elvin Hüseynli çıxış edərək erkən nikahın gənclərə,ailələrə,bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən,erkən nikahın qarşısının alınması üçün təhsilin vacibliyinindən,ardıcıl maarifləndirmə işlərinin aparılmasının zəruriliyindən danışdı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.