SON XƏBƏRLƏR

Masallıda “Dini vəhdət-milli birlik” adlı seminarın açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixindən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna istinadən verir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri üç günlük seminarın açılış mərasimində iştirak ediblər.

Çıxış edən Masallı RİH başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digərləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən zəfər və digər mövzularla bağlı fikirlərini çatdırıblar.

Qeyd edək ki, seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyin möhkəmləndirilməsidir.