“Masallı Gənclər Evi” SXM-in təşkilatçılığı ilə gənclər arasında “Biznesin formalaşdırılması və rəqəmsallaşdırılması” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
“Masallı Gənclər Evi” SXM-in metodisti Tural Sadıqov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda ölkəmizdə biznesin inkişafına dövlət tərəfindən lazımi dəstək verilir, sahibkarlıq fəaliyyətinin genişlənməsi, həmçinin keyfiyyətli məhsulların istehsalına stimul yaradan tədbirlər görülür.
Sonra Beynəlxalq dərəcəli təlimçi Ramal Şükürov gənclərə biznes fəaliyyətinə başlamağın yolları, biznes barədə ideyanın formalaşdırılması, biznes planın hazırlanması, bazar iqtisadiyyatının tələbləri, biznes sahəsində biliklərin əldə edilməsi və əlaqələr yaratmağın vacibliyi barədə təlim keçib.
Qeyd edək ki, təlimin əsas məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin artırılması, gənclərin maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsidir.