Masallıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Eşqin Əbilzadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində Pravda.az-a istinadən verir.
Şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, Eşqin Əbilzadə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.
Xatırladaq ki, hadisə 2021-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlu və 26 yaşlı həyat yoldaşı Əbilzadə Nərmin Şair qızının yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin Əbilzadə həyat yoldaşına 16 bıçaq zərbəsi vurduqdan sonra özünə də iki bıçaq zərbəsi vurub. Məlum olub ki, Eşqin Əbilzadə həyat yoldaşını körpə uşağına süd verən zaman bıçaqlayıb.