Masallıda 9 nəfərdən ibarət olan ailə evlə təmin olunub. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Banbaşı kənd sakini Əlicanov Adış Elbəyi oğlu 9 nəfərdən ibarət ailəsində 2 nəfərin I qrup əlil, 2 nəfərinin isə SİMU olması, yaşayış sahəsinin çox darısqal olduğunu, ailənin maddi imkanlarının olmadığını bildirib, uzun illər rəhbər orqanlara müraciət edərək ona fərdi yaşayış evinin tikilməsinə köməklik göstərilməsini xahiş edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ailənin yaşadığı ünvanda olub, onlarla ətraflı söhbət edib, ailənin maddi durumu və yaşayış şəraiti ilə tanış olub. “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına ailə üçün qısa müddətdə ümumi sahəsi 160 kv.metr ölçüdə olan birmərtəbəli fərdi yaşayış evi tikilib və təmir olunaraq ailənin istifadəsinə verilib.
Ailə üzvləri evin tikilərək onların istifadəsinə verilməsində göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.