SON XƏBƏRLƏR

Masallıda 1 əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az ATV-yə istinadən xəbər verir.

Söhbət Masallının  Səmədov küçəsində yerləşən ikimərtəbəli binadan gedir. 1910-cu ildə istifadəyə verilmiş binanın sakinləri gündüz də, gecə də mənzillərində vahimə içində yaşadıqlarını bildirirlər. Deyirlər ki, müraciət etmədikləri yer qalmayıb. Onlarla maraqlanan, ümumiyyətlə, yoxdur.

Binanın sakinləri deyirlər ki, mənzillərdə salamat bir yer yoxdur ki, oraya sığınsınlar. RİH isə  onlara qəribə bir tövsiyə verib.

Yeganə Nağıyeva, sakin: “Mənə məktub gəlir ki, çıxın, qohumlarınızın evində yaşayın. Bakıdan gəliblər, icradan gəliblər, FHN-dən gəliblər. Gəlib şəkil çəkib, çıxıb gedirlər.”

Məsələ ilə bağlı Masallı RİH-dən ATV Xəbərə bildirilib ki, hələlik sakinlər qohumlarının evində qalsınlar, tezliklə tədbir görüləcək. Binaya baxış keçirilib və FHN tikilini qəzalı bina kimi qeydiyyata alıb. Yeni binanın tikilməsi üçün Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişdiyi yerdə torpaq sahəsi də ayrılıb, layihə sənədləri təsdiqlənib. Nazirlər Kabinetinin 14 iyul 2022-ci il tarixli Sərəncamı ilə binanın tikilməsi üçün vəsait də ayrılıb. Gələn ilin yanvar ayından tikinti işlərinə başlanacaq.