SON XƏBƏRLƏR

İllər öncə Masallıda baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin kimliyi bəlli olub. Bu haqda bu gün, 8 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

16 fevral 2001-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləğ müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk ediblər. Faktla bağlı elə həmin vaxt CM-in 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunan cinayətin törədilməsi ilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin – 56 yaşlı Cümşüd Nəzərovun və 54 yaşlı Elşən Abbasovun vəfat etmələri məlum olmuşdur.

Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.