Masallıda baş verən qəzanın təfərrüatları məlum olub. Bu haqda Cenublu.az bu gün, 18 may tarixində Apa-ya istinadən xəbər verir.
Samir Əhmədovun idarə etdiyi, “Bioloji Təbabət” Klinikasının Masallı filialına məxsus “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İlham Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşını aşıb.
Qəza zamanı “Mercedes” markalı avtomobildə xəstə kimi aparılan Firəngiz Qurbanova, təcili tibbi yardım avtomobilinin sürücüsü və 2 nəfər tibb personalı müxtəlif bədən xəsarətləri alıblar. Lənkəran rayon sakini olan Firəngiz Qurbanova xəstəxanada dünyasını dəyişib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib. Hadisə mayın 17-də saat 13:00 radələrində Masallı şəhəri ərazisində qeydə alınıb. Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.