SON XƏBƏRLƏR

Masallı rayonunun Şatıroba kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

“Şəhidlər abidəsi” Vətən uğrunda canını fəda edən şəhid Natiq Əhmədovun adını daşıyan Şatıroba kənd tam orta məktəbinin qarşısında inşa olunub.

Çıxış edən Masallı RİH başçısı Araz Əhmədov 44 günlük zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən söhbət açıb.

Kənd sakini, Qarabağ döyüşləri qazisi, məktəbin müəllimi Nurəli Səfərov vurğulayıb ki, “Şəhidlər abidəsi” Şatıroba kəndindən olan Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsinə ucaldılıb.

Mərasimdə Zahir Sadıqov özünün “Vətən” şeirini söyləyib. Sonra abidə ziyarət edilib, önünə gül çələngi və tər çiçəklər düzülüb.

Məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirilib.