Masallı rayon sakini sifariş etdiyi taksinin sürücüsünün telefonlarını oğurladığı üçün həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Belə ki, Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan K.Zərbiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək sərnişin kimi rayona gətirdiyi naməlum şəxsin hoteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonu oğurladığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Əfruz Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, paytaxtdan taksi ilə Lənkərana gələn Ə.Əliyev rayona çatdıqdan sonra sürücünün mobil telefonlarını oğurlayaraq oradan uzaqlaşıb. Lənkəran ŞRPŞ əməkdaşlarının həmin şəxsin ətrafında apardıqları əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin rayon ərazisindəki digər oğurluqlarının da üstü açılıb. Belə ki, Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub.
Ə.Əliyevin analoji əməllərindən digər zərərçəkənlər varsa, polisə müraciət etmələri xahiş olunur.