SON XƏBƏRLƏR

Masallı rayonu, Təzə Alvadı kənd sakini Hatəm Şükürov özünüməşğulluq proqramı çərçivəsində ona verilən xırdabuynuzlu heyvanların Dövlət Məşğulluq Agentliyinə qaytarılmasının ondan tələb edildiyini iddia edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Xəzər xəbər-ə istinadən verir.

Belə ki, Hatəm Şükürov Dövlət Məşğulluq Agentliyinə müraciət edərək 21 baş keçi alıb. O iddia edir ki, bir müddət saxladıqdan sonra heyvanlara bit düşüb. O da keçiləri sataraq qoyun alıb.

Vətəndaşın təsərrüfatında aparılan monitorinq zamanı keçilərin qoyunlarla əvəz edildiyi aşkar olunub. Bu səbəbdən Dövlət Məşğulluq Agentliyi ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya qəsdən ziyan vurduğu üçün keçiləri 30 gün ərzində geri qaytarmağı, bu mümkün olmadıqda isə heyvanların dəyərinin pul şəklində ödənilməsini tələb edib.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agetliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, vətəndaş keçiləri aldıqdan sonrakı dövrdə heyvanlara baxa bilməməsi ilə bağlı məşğulluq filialına heç bir müraciət etməyib. “Heyvanların satılması qadağandır, qanuna uyğun olaraq, bu halda həmin şəxs barəsində müvafiq tədbir görülür”.