Masallı rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi, tanınmış həkim-cərrah, tibb üzrə fəlsəfə elmləri doktoru Tofiq Ağaddin oğlu Mirzəyev dünyasını dəyişib.
Tofiq Mirzəyev 1952-ci ildə Masallı rayonunun Qəriblər kəndində anadan olub. 1969-cu ildə Masallı şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1975-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Ali məktəbi qurtaran ili institut tələbə-inşaat dəstəsinin komandiri olub. Tələbə Elmi (TEC) Cəmiyyətinin xətti ilə ilk dəfə Volqoqradda və Qazaxıstanın Karaqanda şəhərində SSRİ Tibb İnstitutlararası Tələbə Elmi Cəmiyyətinin konfransında iştirak edib. Tələbə kimi həm ictimai, həm də elmi fəaliyyəti institut rəhbərliyinin diqqətini cəlb edib və burada normal anatomiya kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Tofiq Mirzəyev 1994-cü ildən 2001-ci ilin sonunadək Masallı səhiyyəsinə rəhbərlik edib. Masallı rayon şöbəsinin YAP İdarə Heyətinin üzvü olub.