Masallı Rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.
İmzalanma mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev iştirak ediblər.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak ediblər.
“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir.
AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlangıc görüşü keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb.
Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Masallı Rayon İcra başçısı Araz Əhmədova təqdim edilib.