“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Vətən müharibəsi qazisi Məmmədov Kənan Sərraf oğlunu ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində verir.
Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağın sevincini, döyüş xatirələrini qonaqlarla bölüşüb.
Məmmədov Kənan Sərraf oğlu 25 avqust 1999-cu il tarixində Masallı rayonunun Sərçuvar kəndində anadan olub, 2005-2016-ci illərdə Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbində təhsil alıb, 2017-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 2-ci qrup əlildir.
Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocəvənd və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, Xocəvənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından ağır yaralanıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Məmmədov Kənan Sərraf oğlu “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.