SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Tüklə kəndi ərazisində səyyar görüş-qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

İlk öncə icra başçısı Araz Əhmədov kəndin mərkəzində 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların, Birinci və İkinci Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət edib.

Daha sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 2 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verib.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar Tüklə kənd orta məktəbinin yenidən əsaslı təmir edilməsi, Tüklə kəndinin mərkəzindən keçən körpünün təmir olunması, kəndlər arasındakı 1 kilometr mərkəzi yolun asfaltlanması, pay torpaqları sənədlərinin çıxarışlarının verilməsi və digər sosial məsələlər barədə müraciətlər ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.