SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Beynəlxalq yarışlarda qələbə qazanan idmançılarla görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində verir.

Görüşdə idmançılardan Ruzanna Məmmədova, Rəşid Rəşidli, Bəhruz Mirzəyev, Zəfər Əliyev və Əmrah Əmrahov iştirak ediblər.

İcra başçısı gənc idmançıları qazandıqları qələbələr münasibətilə təbrik edib. Rayon rəhbəri bildirib ki, Masallıda bütün sahələr – təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də idman sahəsi gündən-günə inkişaf edir. Bu gün Masallı gəncləri idman sahəsində qazandığı uğurlarla, idmançıların qələbələri ilə dünyaya səs salırlar.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.