Masallıda gənclərin asudə zamanlarını səmərəli keçirmələri məqsədilə “Naxış – naxış gözəlliklər” başlığı altında tədbir keçirilib. Bu haqda bu gün, 1 sentyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Görüşdə gənclərə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva misgərlik və xalçaçılıq sənətinin tarixindən geniş məlumat verib. Daha sonra iştirakçılar Masallı şəhər sakini xalçaçı sənətkar Tünzalə Abuzərovanın ev emalatxanasında olublar. Tünzalə Abuzərova gənclərə sənətinin incəliklərindən danışıb və dəzgah arxasında təcrübə qazanmalarına imkan yaradıb.
Tədbirin qonaqları Boradigah qəsəbəsinə səfər ediblər. Onlar misgər Taleh Ağayevlə emalatxanada tanış olub və mis qab üzərində döymə üsulu ilə vurduğu zərif naxışların işlənməsi prosesini canlı müşahidə ediblər.