SON XƏBƏRLƏR

Masallıda “Cıdır düzü” adlı intellektual turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə istinadən verir.

Turnirdə Lənkəran və Masallı Regional Mədəniyyət İdarələrinin hər birindən 3 komanda iştirak edib. İştirak edən “Pəncəli” (Astara), “Zirvə” (Yardımlı), “Xarıbülbül” (Cəlilabad), “Buta” (Masallı), “Avesta” (Lerik), “Atom” (Lənkəran) komandaları Azərbaycan mədəniyyətinə həsr olunmuş 50 suala cavab verməli olublar.

Oyunun qalibi Masallı Regional Mədəniyyət İdarəsinin “Zirvə”(Yardımlı) komandası olub. İkinci yeri isə sözügedən İdarənin “Xarıbülbül” komandası tutub. Qalib komanda Mərkəz tərəfindən sertifikat və mədəni irsimizi təbliğ edən xatirə hədiyyələri ilə təltif olunub.

Qeyd edək ki, dövr ərzində Mərkəz bir sıra bölgələrdə müxtəlif mövzularda intellektual yarışlar və digər maarifləndirici tədbirlər təşkil edib. Məqsəd – mədəniyyət işçilərinin səriştələrinin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə, habelə peşə bacarıqlarının, dünyagörüşünün, yoldaşlıq münasibətlərinin və komanda ruhunun inkişaf etdirilməsidir.