SON XƏBƏRLƏR

Masallıda tibb məntəqəsi istifadə üçün yararsız haldadır. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az Apa-ya istinadən xəbər verir.

Sözügedən tibb məntəqəsi rayonun Sərçuvar kəndində yerləşir. Vaxt ikən məktəb kimi fəaliyyət göstərən bina sonradan idarə binası kimi istifadə olunub. Kənddə tibb məntəqəsi yaradılanda, tibbi heyət üçün bu bina seçilib.

Binanın qəzalı olması və peşəkar kadrların olmaması yerli sakinləri daha çox narahat edir. Məntəqə rayonun Sərçuvar və Sirəbil kəndlərinə xidmət edir. Burada, əsasən, uşaqların peyvəndləmə və vaksinasiya işləri görülür.

Sakinlər bildirirlər ki, səhhətlərində ən xırda problem olduqda məcbur qalıb rayon xəstənasına yollanırlar.

Məsələ ilə bağlı TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, İcbari Tibbi Sığorta sisteminə keçidlə əlaqədar aparılan islahatlar çərçivəsində rayon mərkəzi xəstəxanalarının strukturunda, o cümlədən ilkin səhiyyə xidmətinin strukturunda təkmilləşdirmə işləri aparılır. Bunun da nəticəsində poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında Ailə Sağlamlıq Mərkəzləri yaradılıb.