SON XƏBƏRLƏR

Bu gün, 6 oktyabr tarixində Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nayib Qasımovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2015-2017-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli əsgər kimi xidmət edib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2017-ci ildə müddətli hərbi xidməti başa vuraraq könüllü ordu sıralarında qalıb. 3 aylıq kurs keçib və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Xidməti boyunca bir neçə dəfə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə döyüş hazırlığında uğurlar qazandığı, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan, “Tovuz” döyüşləri kimi tanınan döyüşlərdə iştirak edib.

Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulub boya-başa çatdığı Masallı rayonu Mahmudavar kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.