Masallı rayon sakini, 97 yaşlı Məhbubə Ağayeva İcbari Tibbi Sığortanın tibbi xidmətindən yararlanaraq endoprotez əməliyyatı olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
İcbari Tibbi Sığortanın xidmətlər paketinə protez texnologiyasının əlavə olunması yeni imkanlar yaradır, çünki bu cür əməliyyatlar olduqca bahalıdır.
Travmatoloq-ortoped Eldar Abbasov bildirir ki, Məhbubə nənə qalan ömrünün yatağa məhkum olaraq keçirilməsi təhlükəsi qarşısında idi. “Bud sümüyünün başının sınıqları bitişməyən sınıqlardır. Çox vaxt osteosintez də olunsa belə, onlar bitişmirlər. Bu vəziyyətdə yeganə çıxış yolu cərrahiyyədir”.
Həmçinin həkim əməliyyatın uğurlu keçdiyini və hazırda Məhbubə Ağayevanın özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, 10 uşaq anası olan Məhbubə Ağayeva həm də “Qəhrəman ana” ordeni ilə təltif olunub.