SON XƏBƏRLƏR

Masallıda “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa təşkil olunub. Bu haqda məlumat bu gün, 20 dekabr tarixində Azərtac-da paylaşılıb.

Tədbirin əvvəlində “Vətən müharibəsi” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “İnsan alveri nədir?”, “Onun qurbanları əsasən kimlər olur?”, “Özümüzü bu təhlükədən necə qorumalı?” mövzularında müzakirələr aparılıb.

Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə bu cür tədbirlərin müxtəlif dövlət proqramları çərçivəsində təşkil edildiyini qeyd edib və maarifləndirmə prosesinin müsbət nəticə verdiyini vurğulayıb.

Həmçinin əlavə olunub ki, dövlət qurumları tərəfindən həyata keçirilən inzibati, hüquqi və digər məqsədyönlü işlər barədə əhalinin məlumatlandırılması əsas məqamlardan biridir.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.