Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində Apa.az-a istinadən verir.
Belə ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Məhkəmə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş şikayəti əsassız hesab edərək rədd edib.
Qeyd edək ki, Eşqin Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında tutulub.
Araşdırma zamanı Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Eşqin Əliyev CM-in 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.