SON XƏBƏRLƏR

Mədəniyyət naziri Anar Kərimov Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Azertac-a istinadən verir.

Mədəniyyət naziri Anar Kərimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ulu öndər Heydər Əliyevin abidəsini, Qəhrəmanlar parkını ziyarət ediblər. Masallı Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov Mərkəzin fəaliyyəti ilə tanış olub, 2013-cü ildən fəaliyyət göstərən Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və müxtəlif eksponatlara baxış keçirib.

Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri, əsasən, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, əmək müqaviləsinin uzadılması, müəssisələrin təmiri, tarixi abidənin bərpası, müəssisəyə ad verilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.