Mübariz Mənsimova məxsus olan “Palmali” şirkətinin növbəti gəmisi Masallıdan olan şəhid Əli Seyran oğlu Nəcəfovun adını daşıyacaq. Bu haqda məlumatı şirkətin rəsmi Facebook səhifəsi verib.
16 aprel tarixində istifadəyə veriləcək neft tankerinin uzunluğu 140 metr, eni 17 metr, yükdaşıma qabiliyyəti isə 7000 dwt-dir.
Şəhid Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 20 oktyabr Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz Masallı rayonunun Tüklə kəndində dəfn olunub.
Qeyd edək ki, 30 mart tarixində Türkiyədən dünya sularına yola salınan gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.