Lerik rayonunun Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Xezerxeber-ə istinadən verir.
O deyir ki, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədi ilə onunla nikaha daxil olub. Bundan isə evləndikdən 10 il sonra xəbər tutub.
Kişinin sözlərinə görə, həqiqəti bir il əvvəl təsadüfən öyrənib. O, kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.
Əliyar boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir. O bildirir ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı, bu halı qəbul etməyi tələb edir.
Məsələ ilə bağlı Əliyarın həyat yoldaşı Ruhəngiz xanım ittihamı rədd etdi və bildirdi ki, deyilənlər yalandır. Bəs hamının sizi ailənin böyük qızı hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib sualına isə dedi ki, sənəddə necə yazılıbsa, həqiqət odur.
Hüquq müdafiəçisi Şamil Paşayev bildirib ki, araşdırma aparılıb, əgər ortada həqiqətən də sənədlərin saxtalaşdırılması faktı olarsa, vətəndaş məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
Prokurorluq tərəfindən araşdırma aparılacaq. Həqiqətən şəxs saxta sənədlə evlənibsə, bu cinayət işinin başlanması üçün əsas ola bilər.