SON XƏBƏRLƏR

Lerik rayonunun Qələbin kəndində elektrik cərəyanı vurması nəticəsində iribuynuzlu heyvanlar tələf olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarixində Oxu.az-a istinadən verir.

Hadisənin  baş verməsinə səbəb sakinlər tərəfindən kustar üsulla basdırılan ağac işıq dirəklərinin çürüməsi olub. Kənd sakinləri qeyd ediblər ki, əvvəllər məcburən istifadə edilən sovetdən qalma dirəklər sıradan çıxdığına görə, yerinə adi ağac parçalar basdırıblar. İndi isə həmin ağac dirəklər də çürüyüb və ətrafa təhlükə saçır. Hadisə nəticəsində iki kənd sakininə ümumilikdə 5000 manata yaxın ziyan dəyib.

Qələbin sakinləri “Azərişıq”a müraciət edərək, problemlə yerində maraqlanmağı, aradan qaldırmağı istəyiblər. Onlar növbəti qurbanın mal-qara deyil, sakinlər, uşaqlar olmasından narahatdırlar.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin Mətbuat Xdmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, həqiqətən də, baş vermiş hadisə nəticəsində kəndin iki sakininə ziyan dəyib, hərəsinin bir heyvanı ölüb. Mətbuat katibinin sözlərinə görə, onlara dəymiş zərərin ödənilməsi ilə bağlı razılığa gəlinib, yardım ediləcək:

 

“Hadisəyə səbəb kənd sakinlərinin kustar üsulla çəkdiyi dayaqlar olub. Dərhal göstəriş verildi və hazırda həmin kənddə elektrik xətlərinin dayaqları yenilənir.

Son il yarım müddət ərzində Lerik rayonunun 15-ə qədər kəndində elektrik xətti yenidən qurulub, transformator, sayğaclar, dayaqlar – hamısı tamamilə yenilənib. Bu kəndin də elektrik təminatı tamamilə yenidən qurulacaq. Proses davam edir”.