SON XƏBƏRLƏR

LDU-da ADMİU-nun rektoru, müəllim və tələbə heyəti iki günlük səfərdə olublar. Bu haqda məlumatı LDU-nun rəsmi Facebook səhifəsi bu gün, 6 dekabr tarixində verib.

Yaradıcılıq səfəri çərçivəsində ADMİU-nun müəllimlərindən Respublikanın  əməkdar rəssamı Vüqar Əli və Asim Bayramov LDU-nun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrə rəngkarlıq və boyakarlıqdan  ustad dərsləri keçiblər.

ADMİU-nun Teatr sənəti fakültəsinin musiqili teatr aktyorluğu ixtisası üzrə IV kurs tələbələri səfərin birinci günü LDU-nun Akt zalının səhnəsində  C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında hazırlanmış və Respublikanın əməkdar artisti Şövqi Hüseynovun quruluş verdiyi “Yol” tragikomediyasını təqdim ediblər.

Səfərin ikinci günü isə tələbə aktyorlar italyan dramaturqu Daryo Fonun “Markofta” komediyasını ifa ediblər.

İki universitet arasında əməkdaşlığın möhkəmləndirilməsində fəal iştiraka görə tələbə aktyorlara, onların kurs rəhbərlərinə, müəllimlərə LDU-nun “Təşəkkürnamə”ləri və xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, LDU ilə ADMİU arasında cari ilin 25 oktyabr tarixində Anlaşma Memorandumu imzalanıb.