SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən bufetləri cərimələyib. Bu haqda bu gün, 14 mart tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Universitetin rəsmi səhifəsində verilən açıqlamaya əsasən, 15 mart tarixindən etibarət universitetin tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandıracaq.

“Səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adıçəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir. Halbuki universitet 26.12.2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv etmişdir. Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır”, – deyə LDU-nun paylaşımında qeyd edilib.

Həmçinin universitet Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsini sərt şəkildə tənqid edib. Onlar Lənkəran bazarında cərəyan edən antisanitariya vəziyyətinin hansı səbəbdən həll olunmadığını, intensiv yağışların yağdığı vaxtlarda həyətlərin sanitar qovşaqlarının su quyuları ilə birləşdiyini və Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmadıqlarını sualını qaldırıblar.

“Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək”, – deyə paylaşımda bildirilib.