Lənkəran Dövlət Universiteti Türkiyənin məşhur universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.
LDU-nun rektoru prof. Natiq İbrahimovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyəti Qafqaz (Qars) Universitetində işguzar səfərdə olub. Orada – Qafqaz Universitetinin rektoru ilə görüşdə iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib və Akademik Əməkdaşlıq Protokolu imzalanıb.
Imzalanmış protokola əsasən:
- Qafqaz Universitetinin Baytarlıq fakültəsinin üç müəllimi il ərzində Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisasında bakalavriat və magistratura səviyyələri üzrə fənn tədris edəcəklər;
- Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı işgüzar səfərlər mütəmadi davam etdiriləcək;
- LDU tələbələrinin tədris müddəti üzrə Qafqaz Universitetinin müvafiq ixtisaslarında semestrlər və tədris ili üzrə təhsil almaqlarına imkan yaradılacaq;
- LDU-nun Baytarlıq ixtisasının tələbələri istehsalat təcrübələrini (4 aylıq) Qafqaz Universitetində keçəcəklər.
Bundan əlavə, universitetlər arasında birgə tədbirlər, konfranslar və digər layihələr keçiriləcək. Hər iki universitetin Baytarlıq sahəsində hazırlıq üzrə tədris planları uyğunlaşdırılaraq ikili diplomların təqdim olunması məqsədilə Türkiyə Cümhuriyyətinin YÖK-nə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
Görüş çərçivəsində rektor Natiq İbrahimov Qafqaz Universitetində maldarlıq fermasına baş çəkib, baytarlıq xəstəxanasında görülən işlərlə və aparılan tədqiqatlarla yaxından tanış olub.
Türkiyə və Azərbaycan dilində iki nüsxə olaraq hazırlanan maddədən ibarət Əməkdaşlıq Protokolu imzalandığı tarixdən qüvvədə olub, 5 (beş) il müddətinə nəzərdə tutulub.