SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində LDU ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə keçirilən “Beynəlxalq Subtropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar Konfransları işinə başlayıb. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Konfrans iştirakçıları ilk öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

İKSAD rəhbəri  Mustafa Latif Emek konfransda çıxışında bu cür tədbirlərin ölkələr arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib və bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra Gaziantep Universitetinin əməkdaşı, dos. Yunus Emre Tansü, Çukuroba Universitetinin bölmə rəhbəri Sadettin Baloğlunun çıxışları dinlənilib.

“Beynəlxalq Subtropik və sitrus meyvələri” konfransında Lənkəran Dövlət Universitetindən  professor Mikayıl Məhərrəmov, “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar konfransında dosent Kamal Mahmudov məruzə ediblər.

İKSAD-nin Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov qurumun xatirə hədiyyəsini Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimova təqdim edib. Beynəlxalq konfranslar işini bölmələrdə davam etdirir.

Qeyd edək ki, konfranslarda  universitetlərin professor-müəllim heyətləri, doktorant və magistrantları, həmçinin tələbələr iştirak edirlər. Konfranslarda 200-ə yaxın elmi məqalə və tezis dinləniləcəkdir.