SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin rəsmi Facebook səhifəsində Qida Təhlükəsizliyi Agentliyinin universitet bufetlərini cərimələməsi haqda, daha sonra postun kiberhücum nəticəsində LDU tərəfindən paylaşılması haqda məlumat vermişdik.

Məsələ ilə bağlı LDU-nun mətbuat xidməti açıqlama yayıb:

“Məlumat üçün bildiririk ki, 14 mart 2023-cü il tarixində gecə saatlarında LDU-nun rəsmi Facebook səhifəsində administrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı üzündən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli,  universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilmişdir. Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilmişdir.

Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülmüşdür. Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi Facebook səhifəsində paylaşılmasına görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib. Həmçinin universitetin elektron məlumat daşıyıcılarının adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə administratorluğundan azad edilib və ona töhmət verilib. LDU-nun elektron məlumat daşıyıcılarının adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb”, – deyə açıqlamada bildirilib.